Əsas səhifəyə Psixi Sağlamlıq
məlumat-məsləhət saytı
 
AZ    RU    EN 

Sizə mütəxəssisin yardımı lazımdırsa, siz müraciət edə bilərsiniz:
 
TEZLIKLƏ...
TEZLIKLƏ...

    OBSESSİV-KOMPULSİV POZUNTU (sarışan hallar nevrozu)

OBSESSİV-KOMPULSİV POZUNTU NƏDİR?
-    Psixoterapiya
 
 

  OBSESSİV-KOMPULSİV POZUNTU NƏDİR?

Nevrozların bir forması olan obsessiv-kompulsiv pozuntu əvvəllər sarışan hallar nevrozu adlandırılırdı. Bu pozuntu pasiyentdə təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. Bu xəstəlik (xüsusən, müalicə olunmadıqda) uzun müddət davam edə bilər. 
Qeyd etmək lazımdır ki, insanlarda tez-tez qısamüddətli sarışan fikirlər ola bilər. Əgər belə fikirlər sizdə ciddi narahatlıq və psixoloji sıxıntı yaratmırsa, tez keçirsə və dəfələrlə təkrarlanmırsa, narahat olmağa dəyməz – belə hallar tam sağlam insanda da baş verə bilər. Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkməyən insanlar da müxtəlif sarışan hərəkətlər (məsələn təsbeh çevirmək, xırda əşyaları əldə oynatmaq və s.) edə bilərlər. Əgər sarışan hərəkətlər qorxu və təşviş yaradan müəyyən fikirlərlə əlaqədar deyilsə, onlar psixi normanın variantı hesab edilir. Belə sarışan fikirlər və hərəkətlər psixoloji sıxıntıya səbəb  olmadığından , onları asanlıqla tərgitmək olur.   
“Adi” sarışan hallardan fərqli olaraq obsessiv-kompulsiv pozuntuda sarışan fikirlər və hərəkətlər təşviş və psixoloji diskomfort hissi ilə bağlı olur, tez-tez təkrarlanır və onların tərgidilməsi ciddi problemə çevrilir.
Bu xəstəlik zamanı insanın şüurunda və davranışında baş verən dəyişiklikləri sxematik şəkildə belə təsvir olunur:
Sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin “qüsurlu dövranı” yenidən işə düşür.
Obsessiv-kompulsiv pozuntu kifayat qədər yayılmış nevrozdur. Belə ki, onunla xəstələnmə riski orta hesabla 2,5%-dir. Bu xəstəliyə intellektual şəxslərdə daha çox rast gəlinir. Ali təhsilli şəxslər arasında xəstələnmə riski orta təhsili olanlarla müqayisədə 1,5 dəfə çoxdur.  Qadınlar və kişilər arasında bu pozuntu eyni dərəcədə yayılmışdır. Kişilərdə bu nevroz, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.
 

   BU XƏSTƏLİK NƏDƏN YARANIR? yuxarı

Obsessiv-kompulsiv pozuntuya səbəb olan amilləri iki qrupa bölmək olar: bioloji psixoloji.
Bioloji amillər
Bioloji amillərə xəstəliyə irsi meyllilik aiddir. Xəstəliyi yeniyetmə dövründə başlamış insanların təxminən yarısının obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən yaxın qohumları var.
Bioloji faktorlara həmçinin beyin hüceyrələrində gedən maddələr mübadiləsi də aiddir. İnsanın beynində neyromediatr adlanan xüsusi fəal kimyəvi maddələr var. Müxtəlif neyromediatorlar beyin hüceyrələri arasında impulsların ötürülməsini təmin edir. Müəyyən edilmişdir ki, obsessiv-kompulsiv pozuntu zamanı belə neyromediatorların birinin – serotoninin miqdarının azalması qeyd olunur. 
Psixoloji amillər
Obsessiv-kompulsiv pozuntuya təkan verə bilən psixoloji amillərə insanın həyatında baş verən müxtəlif stress situasiyaları və hadisələri aiddir. Qeyd etmək lazımdır ki, stress özü-özlüyündə bilavasitə obsessiv-kompulsiv pozuntuya səbəb olmur. Lakin stress amilləri irsi meylliyi olan insanlarda xəstəliyin başlanması üçün “təkanverici mexanizm” rolunu oynayır. 
 

   OBSESSİV-KOMPULSİV POZUNTUNUN SƏCİYYƏVİ ƏLAMƏTLƏRİ HANSILARDIR? yuxarı

Adından göründüyü kimi bu xəstəliyin əsas əlamətləri (simptomları) obsessiyalar (sarışan fikirlər) və kompulsiyalardır (sarışan hərəkətlər və rituallar).  
Obsessiyalar xəstəlik simptomu kimi aşağıdakı əlamətlərlə səciyyələnir:
·         İnsanda təkrarlanan və bezdirici fikirlər və təsəvvürlər yaranır. Məsələn, evdən çıxarkən qapını bağlamadığı haqda fikirlər, yaxud çirkli hesab etdiyi əşyaya toxunmaqdan xəstəliyə yoluxa bilməsi fikri;
·         Bu fikir və təsəvvürlər insanda təşviş və psixoloji diskomfort yaradır;
·         Bu fikir və təsəvvürlər real problemlər barədə həddən artıq narahatlıq hissindən fərqlənir;
·         İnsan bu fikirlərə və təsəvvürlərə müqavimət göstərməyə çalışır, yaxud hər hansı fikirlər və hərəkətlər vasitəsilə dəf etməyə cəhd göstərir.
Obsessiyalar çox müxtəlif ola bilər. Ən çox rast gəlinən obsessiyalr aşağıdakılardır:
 -        Təmizlik və şəxsi gigiyena ilə bağlı fikirlər (“çirkli” əşyalardan xəstəliyə yoluxa bilmə haqda daimi fikirlər );
 -        Hər hansı hərəkətin düzgün edilməməsi haqqında fikirlər (məsələn, qapını bağlamamaq, qazı söndürməyi unutmaq və s.;
 -        Ətrafdakılara qarşı aqressiv hərəkətlər etməyin mümkünlüyü barədə fikirlər (məsələn bıçaq gördükdə özündən asılı olmadan onunla kimisə vura bilmək qorxusu;
 -        Cinsi məsələlərlə bağlı sarışan fikirlər (məsələn, homoseksualist olmaq qorxusu).
Kompulsiyalar xəstəlik simptomu kimi aşağıdakı əlamətlərlə səciyyələnir:
·         İnsanda tez-tez təkrarlanan hərəkətlər (məsələn, əlləri yumaq, nəyisə yoxlamaq) və ya zehni proseslər (“ürəyində” saymaq, sözləri təkrarlamaq və s.);
·         Bu təkrarlanan hərəkətlər obsessiyalara cavab olaraq yaranır və onları aradan qaldıra bilən vasitə kimi qəbul edilir;
·         Bu hərəkətlər mütləq riayət edilməli qaydalar kimi qəbul olunur.
Ən çox rast gəlinən obsessiyalr aşağıdakılardır:
   -        Müəyyən ardıcıllıq gözləməklə əllərin dəfələrlə yuyulması;
   -        Edilmiş hərəkətlərin təkrar-təkrar yoxlanılması (məsələn, qapının bağlı olmasını dəfələrlə yoxlamaq);
   -        Ehtiyat etdiyi situasiyaya düşməmək üçün ritual formada müəyyən sözlərin (ürəyində və ya ucadan) təkrarlanması.
Obsessiv-kompulsiv pozuntuya misal olaraq geniş yayılmış çirklənmə qorxusunu göstərmək olar. Bu zaman insan çirkli hesab etdiyi əşyalara toxunduqda yaranan sarışan fikirlərdən psixoloji diskomfort keçirməyə başlayır. Belə fikirlərdən xilas olmaq üçün o, tez-tez əllərini yuyur. Lakin əllərin təmiz olmasına baxmayaraq, hər dəfə “çirkli” əşyaya hətta yüngül toxunduqda belə, əllərini yumasını yenidən təkrarlayır. Bu qayda ilə əllərin yuyulması sarışan rituala çevrilir. Sarışan hərəkətlər insana müvəqqəti yüngüllük gətirsə də, bir müddətdən sonra müvafiq situasiyada ritualları təkrar etməyə psixoloji tələbat yaranır. Şəxs öz hərəkətlərinin mənasız olduğunu dərk edir, lakin bununla belə onları tərgidə bilmir.  
Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən pasiyentlərin 80%-də obsessiyalar və kompulsiyalara müştərək şəkildə rast gəlinir. Pasiyentlərin 20%-də yalnız obsessiyalar qeyd olunur.
.
   OBSESSİV-KOMPULSİV POZUNTUNU NECƏ MÜƏYYƏN ETMƏK OLAR? yuxarı
Əgər sizdə OBSESSİV-KOMPULSİV POZUNTUNUN SƏCİYYƏVİ ƏLAMƏTLƏRİ HANSILARDIR? bölməsində təsvir olunmuş əlamətlər varsa, diaqnozu dəqiq müəyyən etmək üçün həkimə müraciət etməyiniz məsləhət görülür.
Psixi vəziyyətinizi qiymətləndirmək üçün xüsusi testlərdən də istifadə edə bilərsiniz. Sarışan hallar testinə cavab verərkən təşviş pozuntularının bu və ya digər əlamətlərinin sizdə nə dərəcədə olduğunu qeyd edirsiniz. Cavabların cəminə görə siz müəyyən bal toplayırsınız. Topladığınız bala əsasən, siz özünüzdə obsessiv-kompulsiv pozuntunun olub-olmamasını böyük ehtimalla təyin edə bilərsiniz. Özünüzü yoxlamaq üçün buraya daxil olun.
 
   OBSESSİV-KOMPULSİV POZUNTU NECƏ MÜALİCƏ OLUNUR? yuxarı
Obsessiv-kompulsiv pozuntunun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Medikamentoz müalicə
Obsessiv-kompulsiv pozuntunun dərman müalicəsində müxtəlif farmakoloji preparatlardan istifadə olunur. Müalicə əsasən antiobsessiv (sarışan fikirlər əleyhinə) təsirə malik antidepressantlar və anksiolitik (təşviş əleyhinə) dərmanlarla aparılır.
Lakin dərmanların “kənar” xoşagəlməz təsirləri də var. Onlardan bəziləri, uzun müddət qəbul edildikdə, öyrəşmə və asıllıq yarada bilir. Ona görə də müalicə üçün konkret dərmanların seçimi, onların qəbul qaydası, dozası və s. yalnız həkim tərəfindən təyin edilir. Özbaşına aparılan müalicənin sağlamlıq üçün çox təhlükəli olduğunu unutmayın!
Obsessiv-kompulsiv pozuntunun müalicəsində psixoterapiyanın tətbiqi də effektli ola bilər.
Psixoterapiya – psixoloji üsul və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Obsessiv-kompulsiv pozuntunun müalicəsində psixoterapiya pasiyentin müxtəlif psixoloji problemlərinin (emosional, şəxsi və s.) həllinə yönəlir. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. 
Obsessiv-kompulsiv pozuntunun müalicəsində daha çox tövsiyə olunan psixoterapiya metodu koqnitiv-biheyvioral psixoterapiyadır.
Koqnitiv-biheyvioral psixoterapiya – pasiyentin neqativ fikirlərini aşkar etməkdə və onların yanlış olmasını dərk etməkdə, həmçinin irrasional davranış vərdiş və stereotiplərini aradan qaldırmaqda ona kömək edir. Bu psixoterapiya metodu, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.
Hazırda obsessiv-kompulsiv pozuntunun müalicəsində dərman müalicəsinin və psixoterapiyanın müştərək istifadəsi ən səmərəli üsul hesab edilir.
 
Məqalənin müəllifləri: Dr. Murad Sultanov, Dr. Rauf Qəmərlinski
 
Bu məqalə obsessiv-kompulsiv pozuntunun müxtəlif aspektləri barədə ümumi məlumat verir. Əlavə informasiya üçün bizim saytın mütəxəssislərinə müraciət edə bilərsiniz.
Bu məqaləni oxuyanların sayı: 59213 nəfər.
 
© mentalhealth.az 2010 Bütün hüquqlar qorunur
Müəllif hüquqlarının sahibinin qabaqcadan yazılı razılığı olmadan bu saytda yerləşdirilən hər hansı materialların
surətininçıxarılması, çap edilməsi, yayılması və ya hər hansı digər formada istifadə edilməsi qadağandır.
Sayt hazırlanıb: Turan Muradbəyli

Dizayn hazırlanıb: Samir Həsənov